BAKI, 8 sentyabr. TELEQRAF
İqlim dəyişmələri dünyanın bir çox bölgələrində su ehtiyatlarına getdikcə daha ciddi təsir göstərir.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, temperaturun yüksəlməsi, yağıntı rejimi və çay axınlarının dəyişilməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir etməklə yanaşı, əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişaf üçün də yeni çağırışlar yaradır:
"Xəzər dənizi regionumuz üçün bu çağırışların ən aydın nümunələrindən biridir. Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə etdiyimiz reallıqdır. Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişilməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər suiti və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir.
Eyni zamanda, bu dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətə ciddi təsirlər göstərə bilər. Bu isə öz növbəsində gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir.
Bu prosesin mürəkkəbliyi ondan ibarətdir ki, onun səbəbləri və nəticələri milli sərhədlərdə məhdudlaşmır. İqlim dəyişmələri ilə yanaşı antropogen amillər və mövcud risklər gücləndirilir. Buna görə də Xəzərin gələcəyinə dair effektiv yanaşma yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz".
Rauf Hacıyev deyib ki, Xəzər ortaq su hövzəsidir və onun qorunması, ekoloji dayanıqlığın təmin edilməsi və qarşıya çıxan çağırışlara uyğunlaşma bütün Xəzəryanı dövlətlərin birgə səylərini tələb edir:
"Bu baxımdan elmi tədqiqatların nəticələri, siyasətin və qərarların qəbul olunması prosesinə daha səmərəli inteqrasiyası, su səviyyəsində baş verən dəyişikliklərin və mümkün gələcək ssenarilərin daha aydın şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda müxtəlif su səviyyəsi ssenariləri üzrə praktiki uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi və onların yerli səviyyədə həyata keçirilməsi üçün imkanların genişləndirilməsi vacibdir.
Hesab edirəm ki, Xəzərin üzləşdiyi çağırışlar yalnız müəyyən bir region üçün deyil, iqlim dəyişmələrinə həssas olan digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər. Bu baxımdan burada aparılacaq müzakirələrin daha geniş regional və beynəlxalq əməkdaşlıq üçün də faydalı nəticələr ortaya qoyacağına inanıram".