BAKI, 8 sentyabr. TELEQRAF
“Saudel” tayfununun yaratdığı güclü yağışlar Çinin cənub-şərqində genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə səbəb olub, yüz minlərlə insan təhlükəli ərazilərdən təxliyə edilib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian”ın hava icmalında “MetDesk”ə istinadən məlumat verilib.
Tayfun ötən həftə Çinin Çjetszyan, Tszyansi, Futszyan və Quandun əyalətlərinə güclü leysan yağışları gətirib. Futszyanın Putyan şəhərində 24 saat ərzində 416,5 millimetr, ətraf kəndlərdə isə 500 millimetrdən çox yağıntı qeydə alınıb.
Futszyanda daşqın riski yüksək olan ərazilərdən təxminən 600 min nəfər təxliyə edilib. Tszyansinin 53 rayonunda 128 min nəfər təbii fəlakətdən zərər çəkib, 9 min nəfər isə təcili qaydada təhlükəsiz ərazilərə köçürülüb.
Daşqınlar və torpaq sürüşmələri nəticəsində infrastruktur da ciddi zərər görüb. Çjetszyanın Vençjou şəhərində 2500-dən çox müəllim və şagird məktəbin həyətində köməksiz vəziyyətdə qalıb.
Putyan şəhərində çay bəndinin dağılması nəticəsində 100 evin dağıldığı, azı 1260 nəfərin xilas edildiyi bildirilir.
Tszyansinin Suyçuan rayonundakı kəndlərdən birində baş verən torpaq sürüşməsi nəticəsində üç nəfər ölüb, doqquz nəfər itkin düşüb.
“Saudel” bu il Çinə təsir göstərən yeddinci tayfundur.