BAKI, 8 sentyabr. TELEQRAF
Almaniya sakinlərinin təxminən 90 faizi kansler Fridrix Mertsin rəhbərlik etdiyi federal hökumətin fəaliyyətindən narazıdır.
Teleqraf xəbər verir ki, bunu ARD telekanalının sifarişi ilə “Infratest dimap” tədqiqat institutunun keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğu iştirakçılarının 88 faizi federal hökumətin fəaliyyətindən qismən və ya tamamilə narazı olduğunu bildirib. Nazirlər Kabinetinin işindən razı qalanların göstəricisi isə cəmi 10 faizdir.
Respondentlərin 63 faizi Mertsin Xristian Demokrat İttifaqının (CDU), 22 faizi Sosial Demokrat Partiyasının (SPD), 7 faizi isə Xristian Sosial İttifaqının (CSU) fəaliyyətindən narazılığını ifadə edib.
Sorğu iştirakçılarının yalnız 14 faizi Mertsin Almaniyanı qarşıdakı çətinliklərdən uğurla çıxara biləcəyinə inanır. 82 faiz isə kanslerin bunu bacaracağına şübhə ilə yanaşır. Bu mövqeni CDU/CSU blokunun hər iki tərəfdarından biri də bölüşür.
Planlaşdırılan sosial islahatlara gəlincə, respondentlərin 59 faizi pensiya və səhiyyə sahələrində nəzərdə tutulan dəyişikliklərə düzəliş edilməsini istəyir. 13 faiz islahatların ilkin formada həyata keçirilməsini, 22 faiz isə onlardan tamamilə imtina edilməsini dəstəkləyir.
Sorğu sentyabrın 7-də 1051 nəfər arasında keçirilib.
Qeyd edək ki, sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında keçirilən parlament seçkilərində “Almaniya üçün Alternativ” (AfD) 43,8 faiz səslə qalib gəlib. Mertsin CDU partiyası isə 17,2 faiz səslə ikinci yerdə qərarlaşıb.