BAKI, 30 avqust. TELEQRAF

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində təsis edilən Stratejik Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı İstanbulda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin ev sahibliyi ilə baş tutacaq tədbirdə üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də baş qərargah rəisləri iştirak edəcək. İclasda beynəlxalq təhlükəsizlik məsələləri, müdafiə imkanlarının inkişaf etdirilməsi, silahlı qüvvələr arasında birgə fəaliyyətin stimullaşdırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi və terrorla mübarizədə müştərək səylərin gücləndirilməsi müzakirə olunacaq.

Tədbir çərçivəsində birgə fəaliyyət sahələrini yönləndirəcək Katiblik və digər müvafiq mexanizmlərin çərçivəsinin müəyyənləşdirilməsi, həmçinin növbəti dövrdə atılacaq addımlara dair yol xəritəsinin hazırlanması planlaşdırılır.

Qeyd edək ki, avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Səlman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanan saziş tərəf dövlətlərdən hər hansı birinə qarşı edilən hücumu bütün tərəflərə edilmiş hücum kimi qəbul edir. Sənəd regionda və qlobal miqyasda sülh, sabitlik və rifahın təşviqini, eləcə də birgə çəkindiriciliyin artırılmasını hədəfləyir.