BAKI, 30 avqust. TELEQRAF

“Qarabağ”ın Avropa kuboklarından kənarda qalması bütün Azərbaycan xalqı, azarkeşlər üçün gözlənilməz oldu".

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Rahid Əmirquliyev deyib.

O bildirib ki, azarkeşlər “Qarabağ”ı artıq uzun illərdir avrokuboklarda görməyə öyrəşiblər:

“Neçə ildir ki, ard-arda “Qarabağ”ı Avropa kuboklarında görməyə öyrəşmişik. Amma futbol belədir, belə hallar da olur. Görürük ki, hətta böyük komandalar, iddialı kollektivlər də bəzən avrokuboklardan kənarda qalırlar. Bu da futbolun bir hissəsidir.

“Qarabağ” bizi həmişə sevindirib. Bu il də əllərindən gələni etdilər ki, Avropa kuboklarına vəsiqə qazansınlar. Sadəcə, futbolda bəzən alınmayanda alınmır. Amma mən inanıram ki, “Qarabağ” gələn il daha da güclü qayıdacaq, komandabı tezliklə yenidən Çempionlar Liqasında, ən azı Avropa kuboklarında görəcəyik".

36 yaşlı futbolçu avrokuboklardan kənarda qalan "Qarabağ"ın Premyer Liqaya daha yaxşı köklənəcəyini bildirib:

“Qarabağ” ötən il çempionatda da çempion ola bilmədi. Ona görə düşünürəm ki, “Qarabağ” bu çempionata çox ciddi yanaşacaq. Avroliqada oynayanda, əlbəttə, çempionat oyunlarına hazırlaşmaq üçün vaxt az olur. İndi isə “Qarabağ”ın Avropa kuboklarında oyunu olmayacaq və hazırlıq üçün daha çox vaxtı olacaq.

Düşünürəm ki, “Qarabağ” bu il bütün gücünü səfərbər edəcək ki, Premyer Liqada yenidən çempion olsun”.

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off turunda Niderlandın "Tvente" klubuna məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam klubu səfərdə 1:0 hesablı nəticə qazansa da, Niderland təmsilçisi Bakıda 4:1 hesabı ilə qələbə qazanıb.