BAKI, 30 avqust. TELEQRAF

Nepalın şimal bölgələrində baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 734-ə yüksəlib, təxminən 2,5 min nəfər isə itkin hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Fəsadların Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Qurumun hesabatına görə, təbii fəlakət bölgəsindən 734 nəfərin meyiti tapılıb. Xilas edilən 8 186 nəfər arasında 227 əcnəbi vətəndaşın olduğu bildirilir. İtkin düşənlərin sayı isə təxminən 2,5 min nəfərdir. Onların 588-i əcnəbilərdir.

Axtarış-xilasetmə əməliyyatına təxminən 20 min nəfər cəlb olunub.

Fəlakət zonasından gətirilən və şəxsiyyəti müəyyənləşdirilməyən meyitlər müxtəlif rayonlardakı 11 xəstəxanada yerləşdirilib. Onların qeydiyyata alındığı, fotolarının çəkildiyi və məlumatların polis tərəfindən rəsmi resurslarda yayımlandığı bildirilir.

Meyitxanalarda yer çatışmazlığı səbəbindən bəzi bölgələrdə şəxsiyyəti müəyyənləşdirilməyən ölənlərin dəfn edilməsi barədə qərar qəbul olunub.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Məlumata görə, güclü daşqın dalğasının keçdiyi vadidə təxminən 14-15 metr hündürlüyündə lil və dağıntı yığılıb. Bölgədə yeni daşqın təhlükəsinin qaldığı bildirilir.