BAKI, 30 avqust. TELEQRAF
Rusiya silahlı qüvvələri Slavyansk istiqamətində şəxsi heyət və hərbi texnika toplayaraq aktiv hücum əməliyyatlarına hazırlaşır, Ukrayna Ordusu isə bir neçə cəbhə boyu əks-hücumlar həyata keçirərək Dobropillya yaxınlığında irəliləyiş əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) cəbhədəki son vəziyyətə dair hesabatında qeyd olunub.
Məlumata görə, rus qoşunları Liman istiqamətində hücumu genişləndirmək üçün canlı qüvvə yığır. Şərqi Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiyadan olan əcnəbi muzdlular bu istiqamətdəki Rusiya qüvvələrinin təxminən 30 faizini təşkil edir. Buna baxmayaraq, ukraynalı hərbçilərin qiymətləndirməsinə görə, Rusiya bölmələrinin hazırlıq səviyyəsi kifayət qədər aşağıdır.
Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Xarkov, Kupyansk, Borova və Kostyantynivka istiqamətlərində düşmənin irəliləməsinin qarşısını alaraq əks-həmlələr həyata keçirir. Avqustun 29-da yayımlanan geolokasiya kadrları Ukrayna birləşmələrinin Dobropillya yaxınlığındakı Dorojne yaşayış məntəqəsində və Novı Donbas ərazisində irəlilədiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyinin Sumı vilayətindəki Xrapovşçına kəndinin ələ keçirilməsi barədə bəyanatı isə Ukrayna hərbi komandanlığı tərəfindən təkzib edilib və məntəqənin Ukraynanın nəzarətində qaldığı bildirilib.