BAKI, 30 avqust. TELEQRAF
Pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahların geniş yayılmasına baxmayaraq, zirehli tank birləşmələri müasir döyüş meydanında öz effektivliyini saxlamaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ordusunun tank qoşunları zabitləri Uest-Poyntdəki Müasir Müharibə İnstitutunun (Modern War Institute) hesabatında bildiriblər.
Ekspertlərin qiymətləndirməsinə görə, zirehli quvvələr təcrid olunmuş şəkildə deyil, kəşfiyyat, pərdələmə, radioelektron mübarizə və digər müasir texnologiyalarla inteqrasiya olunmuş vahid sistem daxilində fəaliyyət göstərməlidir.
"Bu tapşırıqları yerinə yetirmək üçün ABŞ Ordusunun zirehli tank birləşmələrindən daha uyğun bir quruluş yoxdur", — deyə hesabatda vurğulanıb.
Mütəxəssislər Ukraynadakı döyüş təcrübəsinə istinad edərək qeyd ediblər ki, hətta PUA-larla zəngin döyüş meydanında belə manevr imkanları mövcuddur. Bununla belə, müəlliflər müasir dron təhlükəsinə qarşı Hava Hücumundan Müdafiə və PUA-lara qarşı mübarizə sistemlərinin daha da təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.