BAKI, 30 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə əldə etdiyi neft razılaşmasına əsasən, ABŞ 17 Venesuela neft yatağının işlənməsi üzrə yüzillik hüquqlara sahib olacaq özəl şirkətdə 35 faizlik pay əldə edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ekspertlərə istinadən yazıb.
Məlumata görə, söhbət ümumi ehtiyatları təxminən 65 milyard barel olan 17 neft yatağından gedir. Bu həcm Venesuelanın ümumi neft ehtiyatlarının təxminən beşdə birinə bərabərdir.
Razılaşmanın şərtlərinə əsasən, Pentaqon layihənin maliyyələşdirilməsinə kömək edəcək və neft hasilatından gəlir əldə edəcək. ABŞ həmçinin "North American Blue Energy Partners" şirkətində 35 faizlik paya və hasil olunan neftin 20 faizini maya dəyəri ilə almaq üçün üstün hüquqa sahib olacaq.
"Rystad Energy" analitiki Şrayner Parker bildirib ki, razılaşma Venesuelanın gələcək hökumətləri dövründə də qüvvədə qalarsa, Tramp ABŞ üçün şist inqilabından kənarda əlavə strateji neft ehtiyatlarının əldə olunmasını təmin edə bilər. Bununla belə, ekspert hasilatın real olaraq hansı həcmdə həyata keçiriləcəyinin hələ qeyri-müəyyən olduğunu vurğulayıb.
WSJ-nin məlumatına görə, Tramp və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges razılaşmanın əsas şərtlərini elan edilməsindən bir neçə gün əvvəl telefon danışığı zamanı razılaşdırıblar.
Razılaşma hökumətlər səviyyəsində müzakirə edilsə də, ABŞ Venesuela dövləti ilə birbaşa müqavilə tərəfi deyil, özəl şirkətin investoru olacaq.
ABŞ-nin razılaşma əldə etdiyi North American Blue Energy Partners şirkətinin rəhbəri Alexandro Betankurun Delsi Rodrigeslə yaxın əlaqələrinin olduğu bildirilir. Qəzet yazır ki, Betankura qarşı İspaniya və İsveçrədə çirkli pulların yuyulması ilə bağlı araşdırmalar aparılıb, lakin ona qarşı ittiham irəli sürülməyib.