BAKI, 29 avqust. TELEQRAF
Türkiyə və Somali qüvvələri dəniz quldurları tərəfindən ələ keçirilmiş "MV LUTUF" adlı gəmini azad ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, əməliyyat zamanı dəniz quldurlarının istifadə etdiyi dörd qayıq məhv edilib və quldurluqda şübhəli bilinən 14 pirat öldürülüb.
Qeyd edək ki, avqustun 17-də Kamerun bayraqlı yük gəmisi Somalinin Puntlend ştatının Nuqal regionunda hücuma məruz qalıb. Onun göyərtəsində altı Hindistan, iki Serbiya, bir Türkiyə və bir Gürcüstan vətəndaşı olub.