BAKI, 30 avqust. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian mümkün enerji balanssızlığı fonunda elektrik enerjisi, qaz və benzinə qənaət etmək üçün bəzi dövlət qurumlarının qış aylarında bağlanmasını və əməkdaşların distant işə keçirilməsini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Asriran" məlumat yayıb.

Pezeşkian bildirib ki, məsələ ilə bağlı artıq dövlət qurumlarının rəhbərləri ilə müzakirələr aparıb. Onun sözlərinə görə, bəzi dövlət idarələrinin qışda fəaliyyətini dayandıraraq işçilərin fəaliyyətini distant şəkildə davam etdirməsi mümkündür. Bu addım elektrik enerjisi, qaz və benzin istehlakını azaltmaqla yanaşı, yollardakı nəqliyyat sıxlığının da azalmasına imkan verə bilər.

İran prezidenti qeyd edib ki, ölkədə əsas problem əməkdaşların iş yerində məcburi olaraq səkkiz saat qalmasını tələb edən köhnəlmiş qaydalardır. Onun sözlərinə görə, bu normalara yenidən baxılmalı və distant iş mexanizmi ilə uyğunlaşdırılmalıdır.

Pezeşkianın sözlərinə görə, bəzi dövlət qurumlarının gündə cəmi iki saat fəaliyyət göstərməsi və həmin müddətdə vətəndaşların problemlərinin həll edilməsi də mümkündür.

Prezident bildirib ki, ABŞ və İsraillə münaqişə dövründə də bəzi dövlət idarələri bağlanıb və bunun nəticəsində vətəndaşlar üçün ciddi problemlər yaranmayıb.

Pezeşkian əməkdaşların maaşlarının azaldılmasına ehtiyac olmadığını vurğulayıb. O qeyd edib ki, belə bir tədbirlə yanaşı benzin, qaz, elektrik enerjisi və digər xərclərə də qənaət etmək mümkündür.