BAKI, 30 avqust. TELEQRAF
Filippində musson yağışları və tropik siklonların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində son bir ay ərzində azı 32 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "The Philippine Daily Inquirer" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən yazıb.
Məlumata görə, ölənlərin əksəriyyəti ölkənin şimalındakı Luzon adasının sakinləridir. Təbii fəlakətlər nəticəsində təxminən 8 milyon insan zərər çəkib, 26 minə yaxın yerli sakin isə təxliyə mərkəzlərinə yerləşdirilib.
Filippinin meteoroloji xidməti musson yağışlarının davam edəcəyini proqnozlaşdırır. Artıq təbii fəlakətlərin ölkənin infrastrukturuna təxminən 100 milyon dollar ziyan vurduğu bildirilir.
Daşqın və torpaq sürüşmələri nəticəsində 2,9 minə yaxın ev, həmçinin yollar və körpələr zərər görüb.