BAKI, 30 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzzə zolağının şimalındakı Cəbaliyə rayonuna endirdiyi zərbə nəticəsində HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı qüvvələrinin komandiri Əbdülfəttah Əbu əl-Eymişi zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat paylaşıb.

Bəyanatda məhv edilən komandirin 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak etdiyi bildirilib. Əməliyyat zamanı qruplaşmanın hərbi qanadının digər üzvü Raed Adel Məhəmməd Alyan da öldürülüb. İsrail tərəfinin məlumatına görə, hərbi qulluqçulara və mülki şəxslərə qarşı hücumlar planlaşdıran bu şəxslər atəşkəs rejimini sistematik şəkildə pozaraq təşkilatın döyüş qabiliyyətini bərpa etməyə cəhd göstəriblər.

Xəbərdə zərbə öncəsi mülki əhaliyə dəyə biləcək zərəri minimuma endirmək üçün dəqiq sursatlardan və havadan müşahidə vasitələrindən istifadə olunduğu qeyd edilib.