BAKI, 16 avqust. TELEQRAF

Qazaxıstan bütün maraqlı tərəflər arasında müvafiq razılaşmalar əldə olunacağı və tranzit tərəfindəki texniki məhdudiyyətlər aradan qaldırılacağı təqdirdə neftin “Drujba” boru kəməri ilə Almaniyaya tədarükünü bərpa edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hazırda Qazaxıstan nefti Atyrau-Samara marşrutu və “Drujba” neft kəməri vasitəsilə Almaniyaya tədarük edilmir. Buna səbəb tranzit tərəfinin infrastrukturunda yaranmış texniki məhdudiyyətlərdir.

Qeyd olunub ki, mövcud infrastruktur məhdudiyyətləri aradan qaldırılacağı təqdirdə, bütün maraqlı tərəflər arasında müvafiq razılaşmaların əldə olunması ilə tədarük müəyyən edilmiş qaydada bərpa edilə bilər.

Qazaxıstan neftinin Almaniyaya tədarükü mayın 1-dən etibarən “Drujba” boru kəmərindən yan keçməklə həyata keçirilir. Bu, mövcud texniki imkanlarla əlaqələndirilir.

Qazaxıstan Energetika Nazirliyi may ayında neft tədarükünün Rusiyanın Ust-Luqa limanı, eləcə də Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə yönləndiriləcəyini açıqlamışdı.