BAKI, 16 avqust. TELEQRAF

Braziliyada 2026-cı ilin oktyabrında keçiriləcək prezident seçkiləri ABŞ-nin seçki prosesinə müdaxiləsi və Donald Tramp administrasiyasının siyasəti fonunda milli suverenlik uğrunda mübarizənin mühüm mərhələsinə çevrilə bilər.

Teleqraf xəbər verir ki, bunu hakim Əmək Partiyasının (PT) əsas ideoloqu, San-Paulu ştatından federal deputatlığa namizəd Joze Dirseu deyib.

O bildirib ki, qarşıdakı seçkilərdə əsas çağırış ABŞ-nin seçki prosesinə müdaxiləsi və ABŞ Prezidenti Donald Trampın siyasəti olacaq.

“Bu seçkilərdə əsas çağırış ABŞ-nin seçki prosesinə müdaxiləsi və Trampın siyasəti olacaq. Gərginlik dayanmayacaq, Tramp Prezident Luiz İnasio Lula da Silvaya və Braziliyaya qarşı aqressiv siyasətini dayandırmayacaq”, - deyə partiya funksioneri vurğulayıb.

Siyasətçi hesab edir ki, Vaşinqtonun Braziliyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər və tarif təzyiqi iqtisadi deyil, sırf siyasi xarakter daşıyır. Onun sözlərinə görə, əsas məqsəd seçkilər ərəfəsində Braziliya hökumətini zəiflətməkdir.

Dirseu əlavə edib ki, idxal rüsumlarının artırılmasında məqsəd iqtisadiyyatı pozmaq və inflyasiyaya səbəb olmaqdır.

Braziliya hakimiyyəti ABŞ-nin ticarət rüsumlarına iqtisadi qarşılıqlılıq haqqında qanun əsasında cavab tədbirlərinin görülməsi imkanını araşdırmağa başlayıb. Lula da Silva dəfələrlə bildirib ki, Braziliya ABŞ-lə dialoqa hazırdır, lakin bu dialoq bərabərhüquqlu əsasda aparılmalıdır.

Braziliya hakimiyyəti Vaşinqtonun təhdidlərindən çəkinmədiyini və ölkənin suverenliyini müdafiə edəcəyini bəyan edib.