BAKI, 16 avqust. TELEQRAF
Fransada meşə yanğınları və anomal istilər davam etdiyi bir vaxtda Prezident Emmanuel Makronun Fransanın Aralıq dənizi sahilində məzuniyyət keçirməsi müxalifətin sərt tənqidinə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
“Avropa-Ekologiya-Yaşıllar” partiyasının milli katibi Marin Tondelye fransız xalqının apokaliptik yay keçirdiyini bildirib. Onun sözlərinə görə, belə bir vaxtda prezident məzuniyyəti zamanı özü üçün reklam fotosessiyası təşkil edir.
Fransa Sosialist Partiyasının birinci katibi Olivye For isə bir çox vətəndaşın istirahətə getmək imkanının olmadığını vurğulayıb. O, prezidentin bu vəziyyətdə “hidrosikldə əyləndiyini” deyib.
Qeyd edək ki, Makronun Fransanın Kot-d’Azur bölgəsində məzuniyyətdə olarkən çəkilmiş fotosunun mətbuatda yayımlanması ölkədə meşə yanğınları və anomal isti hava şəraitinin davam etdiyi vaxta təsadüf edib.