Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlayandan bəri Vaşinqton üçüncü ölkələrlə gizli müqavilələr çərçivəsində 25 mindən çox immiqrantı deportasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumu məlumat yayıb.

"Forbidden Stories" jurnalist şəbəkəsi Deportasiya Layihəsi çərçivəsində 24 media orqanının apardığı araşdırmaya istinadən bildirib ki, ABŞ administrasiyası bu məqsədlər üçün 410 milyon dollar ayırıb.

"The Washington Post" və "The Guardian" qəzetlərinin əməkdaşlarının da daxil olduğu jurnalistlər konsorsiumunun məlumatına görə, deportasiya edilənlərin əksəriyyəti, təxminən 20 min nəfər, avtobusla Meksikaya, qalanları isə təyyarə ilə Latın Amerikası, Karib dənizi, Afrika, Orta Asiya və Sakit okean regionundakı 27 ölkəyə göndərilib.

Deportasiya edilənlər arasında ABŞ məhkəmələri tərəfindən təqib və ya digər ciddi təhdidlər riski səbəbindən mənşə ölkələrinə deportasiya edilməsi qadağan edilmiş insanlar da var.

Araşdırma müəllifləri yazır ki, təxminən üçdə biri Afrika ölkələri olan ən azı 38 ölkə ilə müvafiq razılaşmalar əldə edilib.