BAKI, 6 avqust. TELEQRAF

Ermənistan parlamnetinin sədri Ruben Rubinyan Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Həmsöhbətlər Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlığın gündəliyi ilə bağlı məsələləri müzakirə edərək, parlament dialoqunun davamlılığının və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı mərhələsinin bir sıra məsələlərinə də toxunulub. Ruben Rubinyan Ermənistan mallarının Rusiya Federasiyasına ixracına qoyulan əsassız məhdudiyyətlərin narahatlıq doğurduğunu qeyd edib və məsələnin iki ölkə arasında hüquqi və müqavilə çərçivəsi və Avrasiya İqtisadi Birliyinin qaydaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Ermənistan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin gündəliyi də müzakirə olunub. Ruben Rubinyan qeyd edib ki, Rusiya Federasiyasının gözlədiyi kimi, Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun keçirilməsi yalnız Ermənistanın Avropa İttifaqına rəsmi müraciət təqdim etməsindən və prosesin əsas mərhələsinə qədəm qoymasından sonra praktik olaraq mümkün ola bilər.

Həmsöhbətlər parlamentlərarası əməkdaşlığı daha da inkişaf etdirmək və ikitərəfli gündəlikdəki məsələlər üzrə qarşılıqlı anlaşmanı gücləndirmək məqsədilə açıq dialoqu davam etdirməyə hazır olduqlarını bir daha təsdiqlədilər.