BAKI, 6 avqust. TELEQRAF

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, 19 martdan bəri İranda milli təhlükəsizlik ittihamları ilə ən azı 56 nəfər edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Türk açıqlamasında, mart ayından bəri İranda edam və ölüm hökmlərinin sayının artmasından və ölüm hökmünün əhalini qorxutmaq və müxalifəti boğmaq üçün istifadə olunmasından narahat olduğunu deyib.

O bildirib ki, 100-dən çox insan oxşar milli təhlükəsizlik ittihamları ilə edam olunma riski altındadır və narkotiklə əlaqəli cinayətlərə görə edamlar da "həyəcanverici sürətlə" davam edir.

Türk Tehranı bütün edamları dayandırmağa, ölüm hökmünün ləğvinə doğru irəliləməyə çağırıb və ədalətli məhkəmə və qanuni proses prinsiplərinə riayət edilməməsindən narahatlığını bildirib.