BAKI, 6 avqust. TELEQRAF

Pakistan Rusiya, Azərbaycan və Ermənistanla əlaqələrin daha da möhkəmləndirilməsinə böyük önəm verir.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi TASS agentliyinə müsahibəsində deyib.

Diplomat Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını, həmçinin Ermənistanın tarixdə ilk dəfə Pakistana səfir təyin etməsini şərh edərkən bildirib ki, Ermənistanın, Azərbaycanın və bütövlükdə Qafqaz regionunun Pakistanla çoxlu ortaq cəhətləri var.

"Uzun illər Ermənistanla diplomatik münasibətlərimiz olmayıb. Son hadisələrdən sonra normal əlaqələrin qurulmasının vacibliyi dərk edildi və mən buna çox şadam", - deyə səfir qeyd edib.

Tirmizinin sözlərinə görə, Qafqaz regionu ilə Pakistan arasında tarixi bağlar mövcuddur və bu əlaqələrin inkişafı üçün böyük perspektivlər var.

Səfir bildirib ki, Bakıda yerləşən tarixi Multan karvansarasının adı Pakistanın ən böyük şəhərlərindən biri olan Multanla bağlıdır. O, həmçinin Pakistanda erməni əsilli insanların yaşadığını və ölkənin ən yüksək hərbi mükafatlarından birinin erməni əsilli pakistanlı hərbçiyə təqdim edildiyini xatırladıb.

Diplomat əlavə edib ki, Dubayda ermənilər və pakistanlılar arasında çoxsaylı ailələr qurulub. Onun fikrincə, bu cür əlaqələr xalqlar arasında təmasların, ticarətin və mədəni əməkdaşlığın inkişafına töhfə verir.

Faysal Niyaz Tirmizi uşaqlıqdan Qafqazın tarixi ilə maraqlandığını da vurğulayaraq, regionun bir çox ölkələrinə səfər etdiyini və Qafqazla Pakistan arasında mövcud olan tarixi əlaqələrin gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını bildirib.