BAKI, 6 avqust. TELEQRAF
ABŞ-nin 2025-ci ildə Yəməndə həyata keçirdiyi hava zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub və ya yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2025-ci il aprelin 17 və 28-də endirilən aviazərbələr nəticəsində təxminən 150 mülki şəxs həyatını itirib, daha 200 nəfər yaralanıb. Həmçinin aprelin 6-da yaşayış evinə təşkil olunan hücumun qurbanlarının dəqiq sayı hələ müəyyən edilməyib.
Bildirilir ki, ABŞ hərbçiləri 53 gün ərzində Yəmən ərazisində yüzlərlə aviazərbə endirərək 1000-dən çox hədəfi vurublar.
"NBC News" qeyd edir ki, hüquq müdafiə təşkilatlarının çoxsaylı hesabatlarında mülki itkilərin yüksək olduğu bildirilsə də, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) husilərə qarşı əməliyyatlar zamanı dinc sakinlərin həlak olduğunu qəbul etmir.
Xatırladaq ki, 2025-ci il martın 15-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının mövqelərinə genişmiqyaslı hava zərbələri endirilməyə başlanılıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın məqsədinin ABŞ-ın maraqlarını qorumaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək olduğunu açıqlamışdı.
Ötən ilin may ayının əvvəlində isə Omanın vasitəçiliyi ilə Vaşinqton və "Ənsar Allah" hərəkatı arasında Yəməndə atəşkəs barədə razılıq əldə olunub.