BAKI, 6 avqust. TELEQRAF
İran və Oman Hörmüz boğazının açılması ilə bağlı saziş layihəsinin hazırlanmasını başa çatdırmaq üzrədir. Sənəd Tehrana Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət imkanı versə də, onlardan gömrük rüsumu və ya xidmət haqqı alınmasını nəzərdə tutmur.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, saziş layihəsinin əsas müddəaları artıq razılaşdırılıb və sənəd ABŞ-yə, region ölkələrinə, eləcə də İranın ali rəhbərliyinə təqdim edilib. Lakin layihənin qüvvəyə minməsi üçün İran rəhbərliyinin yekun təsdiqi tələb olunur.
Layihəyə əsasən, Fars körfəzinə daxil olan gəmilər İran sahilləri boyunca müəyyən edilmiş marşrutla hərəkət edəcək, körfəzdən çıxan gəmilər isə Oman sularından keçən marşrutdan istifadə edəcək.
Bununla belə, nəşr qeyd edir ki, sazişin imzalanması hələ də sual altındadır və danışıqlar uğursuz nəticələnə bilər.
Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Oman arasında Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidi üçün yeni marşrutun coğrafi koordinatlarının razılaşdırıldığını açıqlamışdı.