BAKI, 6 avqust. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş Xirosimaya atom bombasının atılmasının 81-ci ildönümü münasibətilə yayımladığı müraciətdə bombardmanı həyata keçirən ölkənin adını çəkməyib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Quterreşin ənənəvi müraciətini BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndə İzumi Nakamitsu oxuyub.
Qeyd olunur ki, əvvəlki illərdə də Xirosima və Naqasakiyə atom bombardmanlarının ildönümü ilə bağlı müraciətlərində BMT baş katibi ABŞ-nin adını birbaşa qeyd etməyib.
Müraciətində Antonio Quterreş bəşəriyyəti nüvə silahının yaratdığı təhlükələr barədə düşünməyə çağırıb.
"Odundan doğan bu dərsdən nəticə çıxarmışıqmı? Bəşəriyyət sülh yolunu seçəcək, yoxsa nüvə məhvi təhlükəsinin kölgəsində yaşamağa davam edəcək?" – deyə o bildirib.
Baş katib əlavə edib ki, dünya hazırda dərin geosiyasi parçalanma, artan etimadsızlıq və güclənən rəqabət dövrünü yaşayır. Onun sözlərinə görə, nüvə fəlakətinin qarşısını alan beynəlxalq mexanizmlər də ciddi təzyiq altındadır.
Quterreş beynəlxalq ictimaiyyəti qarşıdurma əvəzinə dialoqa, rəqabət əvəzinə əməkdaşlığa və ümumi təhlükəsizliyə üstünlük verməyə çağırıb.
TASS qeyd edir ki, Xirosimada keçirilən anım mərasimində çıxış edən Yaponiyanın Baş naziri Sanae Takaiçi və şəhərin meri Kazumi Matsui də 1945-ci ildə atom bombardmanını həyata keçirən ölkənin adını çəkməyiblər. Yaponiya rəsmiləri ictimai çıxışlarında adətən bu məsələdə ABŞ-ni birbaşa qeyd etmirlər.