BAKI, 6 avqust. TELEQRAF
Üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Mərib və Hədrəməut əyalətlərində Yəmənin nizami və rəsmi ordusunun mövqelərinə hücumları nəticəsində azı 45 hərbçi həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, üsyançılar iki hərbi düşərgəyə hücum ediblər. Onlardan biri ölkənin şimal-şərqində beynəlxalq səviyyədə tanınmış hökumətin əsas dayaq məntəqəsi hesab olunan Mərib əyalətində, digəri isə şərqdə yerləşən Hədrəməut əyalətində yerləşir. Hücumların dəqiq nə vaxt həyata keçirildiyi barədə məlumat verilməyib.
Çərşənbə günü husilərin Yəmənin qərbində yerləşən Əl-Xudeyda əyalətinin cənubunda hökumət qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hücuma cəhd etdiyi bildirilmişdi.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə olunan atəşkəsdən sonra ölkədə genişmiqyaslı hərbi əməliyyatları faktiki olaraq dayandırılsa da, bəzi bölgələrdə vaxtaşırı lokal silahlı toqquşmalar baş verir.