BAKI, 6 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela neftini ABŞ-nin əldə etdiyi hərbi qənimət kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında çıxışı zamanı danışıb.

"Venesueladan milyardlarla barrel neft əldə olunur. Bu, dünyanın ən zəngin neft yataqlarına malik bölgələrindən biridir", - deyə Tramp bildirib.

ABŞ lideri Venesuelada həyata keçirilən hərbi əməliyyatı "48 dəqiqəlik müharibə" adlandıraraq, bu əməliyyat nəticəsində ölkə prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən saxlanılaraq ölkədən çıxarıldığını xatırladıb.

Trampın sözlərinə görə, Vaşinqton "köhnə üsulla" hərəkət edib və Venesuela nefti hesabına əməliyyata çəkilən xərclərdən dəfələrlə artıq qazanc əldə edib.

"Bütün qənimətlər qalibə məxsus olur", - deyə ABŞ prezidenti vurğulayıb.

O əlavə edib ki, ABŞ və Venesuela birlikdə dünya neft və qaz ehtiyatlarının təxminən 60 faizinə sahibdir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə zərbələr endirib, Prezident Nikolas Maduronu və onun həyat yoldaşını saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinə çıxarılıblar. Maduroya narkotik qaçaqmalçılığı ilə əlaqəli ittihamlar irəli sürülüb. O və həyat yoldaşı ittihamları qəbul etməyiblər.

Hazırda Venesuelada prezident səlahiyyətlərini Maduronun dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriges həyata keçirir.