BAKI, 6 avqust. TELEQRAF

"Çingiz Qənizadənin müraciəti əsasında Fransa məhkəməsinin Qənimət Zahidlə bağlı qəbul etdiyi qərar təkcə bir məhkəmə işi deyil, həm də mühüm hüquqi mesajdır. Bu qərar göstərdi ki, xaricdə yaşamaq, başqa ölkəyə sığınmaq və ya özünü bloger və ya siyasi fəal kimi təqdim etmək heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, məhkəmənin müəyyən etdiyi kompensasiyanın ödənilməsi də onu təsdiqlədi ki, hüquqi məsuliyyətdən sonsuzadək yayınmaq mümkün deyil:

"Xüsusilə bu qərarın Fransa kimi bir ölkənin məhkəməsi tərəfindən qəbul edilməsi ciddi mesajdır. Bu bir daha sübut edir ki, ifadə azadlığı adı altında böhtan atmaq, insanları təhqir etmək, onların şərəf və ləyaqətini alçaltmaq heç bir hüquqi dövlətdə normal qəbul edilmir. Demokratiya məsuliyyətsizlik demək deyil, söz azadlığı isə kimisə əsassız ittiham etmək və ya nalayiq ifadələr işlətmək hüququ vermir.

Təəssüf ki, son illər xaricdə yaşayan bəzi şəxslər elə düşünürlər ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan dövlətinə, dövlət rəsmilərinə və ayrı-ayrı insanlara qarşı istənilən ifadəni işlədə, istənilən böhtanı yaya bilər və buna görə heç bir hüquqi nəticə ilə üzləşməyəcəklər. Onlarda belə bir yanlış təsəvvür formalaşıb ki, xaricdə olmaları onları toxunulmaz edir. Fransa məhkəməsinin bu qərarı həmin yanlış düşüncənin hüquqi baxımdan əsassız olduğunu göstərən real nümunədir.

Hesab edirəm ki, bu qərar xaricdə oturaraq Azərbaycan dövlətinə, dövlət rəsmilərinə və ayrı-ayrı vətəndaşlara qarşı böhtan və təhqir kampaniyası aparan şəxslər üçün ciddi xəbərdarlıqdır. Heç kim yaşadığı ölkədən, siyasi baxışından və ya özünü necə təqdim etməsindən asılı olmayaraq qanundan üstün deyil".

Deputat qeyd edib ki, hüquqi dövlətlərdə hər bir iddia sübutlarla qiymətləndirilir və hüquq pozuntusu müəyyən edilərsə, bunun nəticələri qaçılmaz olur:

"Məhz buna görə Fransa məhkəməsinin bu qərarı yalnız konkret bir iş üzrə qəbul edilmiş hökm deyil, həm də hüququn aliliyinin, şəxsin şərəf və ləyaqətinin müdafiəsinin və hüquqi məsuliyyət prinsipinin praktik təsdiqidir. Bu hadisə göstərdi ki, məsuliyyətdən yayınmaq mümkün deyil və qanunun aliliyi gec də olsa, öz sözünü deyir".