BAKI, 6 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqları davam etdirdiyini və tərəflər arasında razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında keçirilən çıxışı zamanı danışıb.
"Mən razılaşma əldə etməyə üstünlük verərdim, çünki insanların öldürülməsini istəmirəm", - deyə Tramp İranla mümkün razılaşmanı şərh edərkən bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Tehran arasında dialoq davam edir.
"Danışıqlar aparırıq. Görək nəticə necə olacaq. Amma onlar bizə hörmət edirlər", - deyə Tramp İran hakimiyyətini nəzərdə tutaraq vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı öhdəliklərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.