BAKI, 6 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası idxalçılara daha əvvəl yığılmış gömrük rüsumları üzrə təxminən 100 milyard dollar vəsaiti geri qaytarıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunan sənədlərə istinadən CNBC telekanalı məlumat yayıb.
Bildirilir ki, geri qaytarılan məbləğ Fövqəladə İqtisadi Səlahiyyətlər Haqqında Qanun (IEEPA) çərçivəsində tətbiq edilən və sonradan ləğv olunan rüsumlardan toplanmış ümumi 166 milyard dolların təxminən 60 faizini təşkil edir.
ABŞ Ali Məhkəməsi fevral ayında qərara alıb ki, IEEPA qanunu prezidentə həmin gömrük tariflərini tətbiq etmək səlahiyyəti verməyib. Bundan sonra federal məhkəmə hökumətə idxalçılardan tutulmuş vəsaitin geri qaytarılması barədə göstəriş verib.
CNBC telekanalının məlumatına görə, məhkəmə qərarlarına baxmayaraq, Tramp administrasiyası oxşar tarif rejimini digər hüquqi mexanizmlər vasitəsilə yenidən tətbiq etməyə çalışır.
Donald Tramp isə bəyan edib ki, tətbiq olunan gömrük rüsumları ABŞ büdcəsinə "yüz milyardlarla dollar" gəlir gətirib. Onun sözlərinə görə, Ali Məhkəmənin qərarı administrasiyanı yalnız tariflərin tətbiqi üçün fərqli hüquqi mexanizmdən istifadə etməyə vadar edib.