BAKI, 6 avqust. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqları yaşadıqlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"İsrail ABŞ-nin gözəl tərəfdaşı və müttəfiqidir. Amma Fransa, Böyük Britaniya və digər müttəfiqlərlə münasibətlərdə olduğu kimi, bəzən mövqelərimiz üst-üstə düşmür", - deyə Vens bildirib.

Onun sözlərinə görə, vitse-prezident kimi əsas vəzifəsi yalnız ABŞ-nin milli maraqlarını müdafiə etməkdir.

"Maraqlarımız İsraillə üst-üstə düşəndə ortaq məqsədlərə necə nail olacağımızı müzakirə edirik. Mövqeyim İsrailin baş nazirinin mövqeyindən fərqlənəndə isə bunu açıq və səmimi şəkildə müzakirə edirik", - deyə Vens vurğulayıb.

ABŞ-nin vitse-prezidenti İranla bağlı münaqişənin nizamlanmasına da toxunaraq, bu prosesin başa çatmasına töhfə verməyə çalışdığını bildirib.

"Mən buna mütləq çalışıram. Amma bəzən irəliləmək üçün bir addım irəli, iki addım geri atmaq, sonra isə üç addım irəli getmək lazım gəlir", - deyə o əlavə edib.