BAKI, 6 avqust. TELEQRAF
Amerikalı jurnalist Taker Karlson ABŞ hakimiyyətini İrana qarşı hərbi əməliyyatın əsl səbəbləri ilə bağlı ictimaiyyəti aldatmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, "YouTube" kanalında yayımlanan çıxışında danışıb.
Karlsonun sözlərinə görə, ABŞ rəsmilərinin əməliyyatın İranın nüvə proqramı ilə əlaqəli olduğu barədə açıqlamaları həqiqəti əks etdirmir.
"Rəhbərlərimiz açıq şəkildə bizə yalan danışırlar. Onlar deyirlər ki, bu, İranın nüvə proqramı ilə bağlıdır. Halbuki bunun İranın nüvə proqramı ilə heç bir əlaqəsi yoxdur. Siz isə ötən yay həmin proqramı məhv etdiyinizi iddia edirdiniz. Aydındır ki, yalan danışırsınız", - deyə jurnalist bildirib.
Karlson hakimiyyətlə vətəndaşlar arasındakı münasibətləri ailə münasibətləri ilə müqayisə edib.
"Əgər həyat yoldaşınız sizə harada olduğunu soruşanda işgüzar səfərdə olduğunu desə, amma əslində Barbadosda olduğu məlum olsa, bu, münasibətlərinizə ciddi zərbə vurar", - deyə o bildirib.
Jurnalist əlavə edib ki, cəmiyyət dövlət rəhbərlərinin yalanlarına eyni yanaşmanı nümayiş etdirmir.
"Nədənsə rəhbərlərimizə yalan danışmağa və bizi bu yalana görə cəzalandırmağa imkan veririk", - deyə Karlson vurğulayıb.