BAKI, 6 avqust. TELEQRAF
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Kuba istiqaməti üzrə gizli əməliyyat qrupu yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qrupa kəşfiyyat məlumatlarının təhlili, agent şəbəkəsinin qurulması, kiberəməliyyatların həyata keçirilməsi və gizli təzyiq tədbirlərinin təşkili üzrə ixtisaslaşmış əməkdaşlar daxil edilib.
Nəşrin yazdığına görə, yeni strukturun yaradılması CIA-ya Kuba istiqamətinə maliyyə, texniki və insan resurslarını daha operativ şəkildə yönəltməyə imkan verəcək.
Mənbələrin iddiasına əsasən, ABŞ kəşfiyyatı bu qrupun fəaliyyəti vasitəsilə Kuba siyasi elitasında parçalanmaya nail olmağa ümid edir. Vaşinqtonun məqsədi ABŞ-yə qarşı sərt mövqedə olan qüvvələrin yerini Prezident Donald Tramp administrasiyasının tələblərini daha çox nəzərə alan siyasi fiqurların tutmasına şərait yaratmaqdır.
Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio isə qəzetə açıqlamasında bildirib ki, CIA uzun illərdir Kubaya qarşı casusluq, təxribat və sabitliyi pozmağa yönəlmiş fəaliyyət göstərir.
"Bu niyyətlər təəccüblü deyil. Kuba uzun illərdir CIA-nın casusluq, təxribat və sabitliyi pozmaq, o cümlədən terror fəaliyyətinin hədəfi olub. Buna baxmayaraq, ABŞ Dövlət Departamenti Kubanın özünümüdafiə hüququndan istifadə etməsini təhlükə kimi təqdim edir", - deyə o bildirib.
Bundan əvvəl "Politico" nəşri də ABŞ-nin son aylarda Kubada kəşfiyyat fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini yazmışdı.