BAKI, 6 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO üzrə avropalı müttəfiqlərinin silahlı qüvvələrinin kifayət qədər güclü olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında çıxışı zamanı danışıb.
Trampın sözlərinə görə, sələfi Co Baydenin administrasiyası ABŞ Silahlı Qüvvələrinin vəziyyətinə ciddi zərbə vurub.
"Onlar hər şeyi payladılar. 350 milyard dollar çox böyük məbləğdir", - deyə ABŞ prezidenti bildirib. O, vəsaitin konkret hansı məqsədlər üçün xərcləndiyini açıqlamasa da, daha əvvəl dəfələrlə Bayden administrasiyasını Ukraynaya həmin məbləğdə silah yardımı göstərməkdə ittiham edib.
ABŞ lideri əlavə edib ki, onun administrasiyası silahları hədiyyə etmir, satır və Avropa ölkələri bunun müqabilində ödəniş etməyə hazırdır.
"Onların yaxşı silahlı qüvvələri yoxdur, çünki uzun illər bizə arxalanıblar. Mən onlara dedim ki, NATO artıq belə davam edə bilməz", - deyə Tramp vurğulayıb.