BAKI, 2 avqust. TELEQRAF
Türkiyənin Aydın, Balıkesir və İzmir vilayətlərində tüğyan edən meşə yanğınları havadan və qurudan aparılan intensiv mübarizə nəticəsində tamamilə nəzarətə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı məlumat yayıb.
Nazirin sözlərinə görə, küləyin gücləndiyi iyulun 29-dan bəri ölkə ərazisində 192-si meşədənkənar ərazilərdə olmaqla, ümumilikdə 314 yanğın qeydə alınıb və onların hamısı söndürülüb. İ.Yumaklı yanğın təhlükəsinin hələ də davam etdiyini vurğulayaraq, əhalini ehtiyatlı olmağa və açıq havada od qalamamağa çağırıb.
Türkiyənin Ədliyyə Naziri Akın Gürlek isə bildirib ki, iyunun 1-dən bəri 16 əyalətdə baş verən 44 meşə yanğını ilə bağlı 29 şübhəli şəxs müəyyən edilib.
Onlardan 6-sı barəsində həbs qətimkan tədbiri seçilib, 9 şəxs haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb.