BAKI, 2 avqust. TELEQRAF
OPEC+ çərçivəsində könüllü neft hasilatı ixtisarlarını həyata keçirən yeddi ölkə sentyabr ayında gündəlik neft hasilatını ümumilikdə 188 min barel artırmaq barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə OPEC-in yaydığı məlumatda bildirilib.
Qərara əsasən, Rusiyanın gündəlik hasilat kvotası sentyabr ayında 62 min barel artırılaraq 9,949 milyon barelə, Səudiyyə Ərəbistanının kvotası isə eyni həcmdə artırılaraq 10,478 milyon barelə çatdırılacaq.
İraqın hasilat kvotası 26 min barel artırılaraq 4,431 milyon barelə, Küveytin kvotası 16 min barel artırılaraq 2,676 milyon barelə, Qazaxıstanın kvotası 10 min barel artırılaraq 1,628 milyon barelə yüksəldiləcək.
Eyni zamanda, Əlcəzairin gündəlik hasilat kvotası 6 min barel artırılaraq 1,007 milyon barelə, Omanın kvotası isə 5 min barel artırılaraq 841 min barelə çatdırılacaq.
Bildirilib ki, sözügedən yeddi ölkə bazardakı vəziyyəti qiymətləndirmək üçün aylıq görüşlərini davam etdirəcək. Növbəti iclasın sentyabrın 6-da keçirilməsi planlaşdırılır.