BAKI, 21 iyul. TELEQRAF
Gədəbəyin Xarxar kəndində yerləşən eyniadlı nekropolda arxeoloji qazıntılara başlanılıb.
Bu barədə Teleqraf-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, ərazidə alban irsini öyrənən və tədqiq edən araşdırmaçılardan, antropoloqlardan, etnoqraflardan, bərpaçı-rəssamlardan və s. mütəxəssislərdən ibarət geniş tərkibdə təşkil olunmuş Gədəbəy arxeoloji ekspedisiyasının Xarxar dəstəsi fəaliyyət göstərir.
Nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılıb, reperlər təyin edilib və qazıntı sahəsi müvafiq qazıntı zonalarına bölünüb.
"Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 sm qalınlığında götürülüb. Üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilib, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Bu rəqəm, yerüstü əlamətləri əsasında müəyyən edilmiş qəbirlərin sıralamasında statistik artımı və nekropolun qəbirlərinin real sayını göstərir. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında yenə də artım istisna edilmir", - məlumatda qeyd olunub.