BAKI, 21 iyul. TELEQRAF
“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Azərbaycanla bağlı yeni açıqlaması təəccüblü deyil. Çünki o, həmişə ölkəmizə qarşı qərəzli mövqeyi ilə fərqlənir”.
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Zatulinin Azərbaycanla Rusiyanın münasibətlərinin normallaşmasına ehtiyatla yanaşmağa “çağırışı” absurddur: "Çünki Azərbaycan hər zaman bütün dövlətlərlə normal və bərabərhüquqlu əməkdaşlığa maraqlıdır. Xüsusilə, qonşu ölkələrlə dostluq və mehriban qonşuluğa əsaslanan münasibətlərin mövcudluğu Azərbaycanın xarici siyasətində prioritetdir.
Zatulinin “arqument” kimi Azərbaycanın Türkiyə ilə müttəfiq olmasını iddia etməsində isə təəccüblü heç nə yoxdur. Bəli, Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir, dilimiz, dinimiz, soykökümüz eynidir. 2021-ci ilin iyun ayında Şuşada müttəfiqlik haqqında sənəd imzalanmaqla münasibətlərimiz ən yüksək zirvəyə qalxıb. 2022-ci ilin fevralında isə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında bəyannamə imzalanıb. Əgər sonradan Azərbaycanla Rusiya münasibətlərində hansısa problem yaranıbsa, bu, ölkəmizin günahı deyil".
Millət vəkilinin sözlərinə görə, Zatulin həmişə öz bəyanatlarında, mətbuata açıqlamalarında tarixi gerçəklikləri, hüquqi məsələləri məqsədli şəkildə təhrif edir, bu zaman ermənilərin maraqlarından çıxış edərək onların mövqeyini açıq şəkildə müdafiə edir: "Vaxtilə dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran mövqeyi ilə Azərbaycan ictimaiyyətinin haqlı qınaq və narazılığına səbəb olub. Bu da göstərir ki, o, Rusiyadakı erməni diasporunun maliyyəsi ilə onların maraqları üçün lobbiçilik edir".
"Əlbəttə, onun kimilərinin mövqeyi iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilməz. Zatulinin fikirləri heç bir arqumentə əsaslanmasa da, Rusiya ictimaiyyətində yanlış rəy formalaşdıra bilər. Nəzərə alaq ki, bir neçə gün öncə Azərbaycanın xarici işlər nazirinin Rusiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında problemli məsələlərin artıq geridə qaldığı bəyan olunub. Zatulinin açıqlaması isə Azərbaycan-Rusiya münasibətlərinin normallaşdırılması prosesinə qarşı yönəlib”,- deyən Samir Vəliyev əlavə edib ki, Zatulin dövlətlər və xalqlararası münasibətlərə ciddi xələl gətirə bilən fiqurdur, onun kimilərinin Dövlət Dumasında oturması münasibətlərə yalnız ziyan vurmağa yönəlib.
“Vaxtilə Ermənistanın haqsız mövqeyini müdafiə edən Zatulin bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə, Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmağa çalışır. Belə bir şəxsin Dövlət Dumasında oturması nə dərəcədə məntiqlidir?! Dumada ona MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini vəzifəsinin həvalə edilməsi ölkələr arasında qarşılıqlı münasibətlərə xələl gətirməsə də, ürək bulandırır”,- deyə deputat vurğulayıb.