BAKI, 21 iyul. TELEQRAF

"Hədəfimiz yaxşı komanda formalaşdırmaq və mümkün qədər yüksək pillələr uğrunda mübarizə aparmaqdır".

Teleqraf xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis yeni mövsümə hazırlıq prosesindən danışıb:

"Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ artıq yekunlaşıb. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq. Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi".

Hüseynov oyunçulardan tam razı qalmadığını qeyd edib:

"Təbii ki, hazırlıq yeni başlayıb və indiki məqamda onların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. İndiki məqamda dediklərimizi bizə olduğu kimi qaytaracaqlarını gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu təhlil edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar".

Baş məşqçi transfer çalışmalarını 90 faiz icra etdiklərini vurğulayıb:

"Bəzi mövqelər var ki, gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək".

Mütəxəssis "İmişli"yə qarşı keçirəcəkləri növbəti yoxlama oyununa toxunub. O, Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün I turunda məhz bu komanda ilə qarşılaşacaqlarını bildirib:

"Elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir".