BAKI, 21 iyul. TELEQRAF
Fransa millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Maykl Olisenin şəxsi həyatı ilə bağlı qalmaqallı iddialar ortaya atılıb.
Teleqraf “Bild”ə istinadən xəbər verir ki, oyunçunun 20 aylıq qızının olduğu iddiaları yayılıb.
Məlumata görə, 34 yaşlı Almaniya vətəndaşı, Mərakeş əsilli Fatima Zaunbrexer Olise ilə dörd il əvvəl tanış olduğunu bildirib. Onun sözlərinə görə, münasibətləri təxminən iki il davam edib və ayrıldıqdan iki həftə sonra hamilə olduğunu öyrənib. Münhendə keçirilən atalıq testi isə uşağın atasının Olise olduğunu təsdiqləyib.
İddia olunur ki, futbolçu Aaliyah Noor adlı qızını rəsmi olaraq tanısa da, onunla görüşmək istəmir və aliment ödənişlərini həyata keçirməyib. Qadının sözlərinə görə, əvvəlcə Olisenin vəkilləri aylıq 836,5 avro, daha sonra isə 2000 avro aliment təklif etsələr də, bu günə qədər heç bir ödəniş edilməyib.
Olisenin yaxın ətrafı isə iddiaları fərqli təqdim edib. Bildirilib ki, futbolçu əvvəldən uşağa maddi dəstək verməyə hazır olub və məsələni məhkəmədən kənar, qarşılıqlı razılıq əsasında həll etmək istəyib. Həmçinin qeyd olunub ki, qadın Fransa məhkəmələrində aylıq 60 min avro aliment tələb etsə də, bu tələbi təmin olunmayıb. Ətrafının iddiasına görə, Olise Almaniya qanunvericiliyində nəzərdə tutulan maksimum məbləğdən daha çox aliment ödəməyi də təklif edib.
Hazırda tərəflər arasında mübahisə davam edir. Burada səsləndirilən iddialarla bağlı məhkəmənin yekun qərarı açıqlanmayıb.