BAKI, 11 iyul. TELEQRAF

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4 118 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes məlumat yayıb.

Onun “Telegram” kanalında dərc etdiyi hökumətin gündəlik hesabatına əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikili isə ciddi ziyan görüb.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Bundan əlavə, 29 966 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb.

Hökumətin açıqlamasına görə, zərərçəkən 86 794 ailəyə yardım göstərilib, onlara ümumilikdə 9 766 ton ərzaq çatdırılıb.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Təbii fəlakətdən sonra 1 171 afterşok müşahidə olunub.