BAKI, 11 iyul. TELEQRAF
ABŞ Birləşmiş Ərəb Əmirliklərində yaşayan maliyyəçi Əli Ənsariyə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məhdudlaşdırıcı tədbirlər təkcə Əli Ənsarini deyil, həmçinin İranın üç “kölgə valyuta mübadiləsi müəssisəsini”, Honq-Konqda yerləşən bir şirkəti və BƏƏ-də fəaliyyət göstərən bir şirkəti də əhatə edir.
Vaşinqtonun iddiasına əsasən, qara siyahıya salınan fiziki və hüquqi şəxslər İran hakimiyyətinin “qanunsuz maliyyə fəaliyyəti”ndə və ABŞ sanksiyalarından yayınma sxemlərində iştirak ediblər. ABŞ tərəfi Əli Ənsarinin İranın ali dini lideri Ayətullah Müctəba Xameneinin maraqları naminə fəaliyyət göstərdiyini də irəli sürüb.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, sözügedən valyuta mübadiləsi şəbəkələri müxtəlif vasitəçi şirkətlərdən istifadə etməklə sanksiya altında olan İran bankları üçün hər il milyardlarla dollar həcmində əməliyyatlar həyata keçiriblər.
Sanksiyalar çərçivəsində qara siyahıya daxil edilən şəxslərin və şirkətlərin ABŞ yurisdiksiyasında aşkarlanan aktivləri dondurulacaq. Bundan əlavə, ABŞ vətəndaşlarına onlarla hər hansı biznes əlaqələri qurmaq qadağan edilir. Siyahıya daxil edilmiş fiziki şəxslərin ABŞ-yə girişinə də məhdudiyyət qoyulacaq.