BAKI, 9 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda 90-a yaxın hərbi obyektə zərbələr endirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, CENTCOM-un məlumatına görə, hücumlar hava hücumundan müdafiə sistemlərini, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları, eləcə də hərbi-dəniz logistika obyektlərini hədəf alıb.
Bildirilib ki, əməliyyatların məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinə və mülki dənizçilərə hücum imkanlarını zəiflətmək olub.
Açıqlamada qeyd olunub ki, bir gün əvvəl ABŞ qüvvələri İranda təxminən 80 hərbi hədəfə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik gəmiyə zərbələr endirib.
"ABŞ Silahlı Qüvvələri ayıq vəziyyətdə qalır, yüksək döyüş hazırlığını qoruyur və Ali Baş Komandanın əmri ilə əməliyyatlar həyata keçirməyə hazırdır", - deyə CENTCOM vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammitində İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan etmişdi. CENTCOM daha sonra İran ərazisinə zərbələrin bərpa olunduğunu rəsmən təsdiqləyib.