BAKI, 9 iyul. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin ölkəyə endirdiyi son zərbələrdən sonra Hörmüz boğazının yalnız Tehranın şərtləri yerinə yetiriləcəyi təqdirdə açılacağını bildirib.

Teleqraf xəbər verir ki, Qalibaf "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-nin təhdidlərinin nəticə verməyəcəyini vurğulayıb.

"O qədər də mənasız hərəkətlər etməyin, əks halda daha da dərinliyə batacaqsınız. Hörmüz boğazı yalnız İranla razılaşmalar yerinə yetirildikdən sonra açılacaq, Amerika təhdidləri ilə yox", - deyə o qeyd edib.

İran parlamentinin sədri əlavə edib ki, ABŞ-nin hədələri və verdiyi vədləri pozması artıq cavabsız qalmır.

"Açıq deyirəm: əgər siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız", - deyə Qalibaf bildirib.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkədəki obyektlərə yeni zərbələr endirildiyini açıqlamışdı.