BAKI, 9 iyul. TELEQRAF
ABŞ-də yüksək ixtisaslı xarici mütəxəssislər üçün nəzərdə tutulan H-1B iş vizaları ilə bağlı onlarla saxtakarlıq işi üzrə araşdırma aparılır.
Teleqraf xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, Əmək Nazirliyi viza proqramından qanunsuz şəkildə yararlanmağa çalışan şəxslərlə bağlı onlarla araşdırmaya başlayıb və məhkəmə çağırışları göndərib.
"Bu gün məmnuniyyətlə bildirirəm ki, Əmək Nazirliyi H-1B viza proqramından faydalanmağa çalışan xarici fırıldaqçılarla bağlı onlarla araşdırmaya başlayıb və onlarla məhkəmə çağırışı göndərib", - deyə Vens Viskonsin ştatının Miluoki şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə H-1B vizalarının verilməsi qaydalarını dəyişdirən fərman imzalayıb. Yeni qaydalara əsasən, bu proqram çərçivəsində xarici yüksək ixtisaslı mütəxəssis işə götürmək istəyən şirkətlər 100 min dollar ödəməlidirlər.
H-1B proqramından əsasən texnologiya və maliyyə şirkətləri, eləcə də universitetlər və xəstəxanalar istifadə edir.