BAKI, 9 iyul. TELEQRAF
Böyük Britaniya Kralı III Çarlz ölkədə 70 ildən çox əvvəl edam olunan son qadın Rut Ellisi şərti olaraq əfv edib.
Teleqraf xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yayılan məlumata görə, kralın qərarı Ellisin ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz edir və müasir hüquq sistemində bu iş üzrə nəticənin fərqli ola biləcəyini qəbul edir.
Rut Ellis 1955-ci ildə əri Devid Bleyklini öldürməkdə təqsirli bilinərək asılma yolu ilə ölüm cəzasına məhkum edilmişdi. Həmin vaxt qərardan apellyasiya verilməmişdi.
Böyük Britaniyanın ədliyyə naziri Devid Lammiyə görə, şərti əfv mərhəmət aktıdır.
"Bu gün verilən şərti əfv mərhəmət aktıdır. Ümid edirik ki, bu, Rutun ailəsinə müəyyən rahatlıq gətirəcək. Biz 70 il əvvəl baş verənləri dəyişə bilmərik, lakin bunun müstəsna bir hal olduğunu etiraf edə bilərik", - deyə nazir bildirib.
Məlumata görə, əfv üçün müraciəti Ellisin dörd nəvəsi edib. Onlar hesab edirlər ki, törədilən cinayət ailədaxili zorakılıq, ərinin ona vurduğu xəsarətlər və məhkəmə prosesində nəzərə alınmayan digər hallarla bağlı olub.
Böyük Britaniyanın hazırkı qanunvericiliyinə əsasən, Ellis psixi və emosional vəziyyətinin cinayətə təsir etdiyini əsas gətirərək daha yüngül məsuliyyət tələb edə bilərdi və onun işi qəsdən adam öldürmə deyil, ehtiyatsızlıqdan törədilmiş ölüm kimi qiymətləndirilə bilərdi.