BAKI, 9 iyul. TELEQRAF

NATO Rusiya qoşunlarının mümkün hərəkətlərini izləmək məqsədilə ABŞ-nin Palantir şirkətinin hazırladığı süni intellekt əsaslı Maven platformasını tətbiq edəcək.

Teleqraf xəbər verir ki, "The Times" qəzetinin yazdığına görə, hazırda Böyük Britaniyanın Müdafiə Nazirliyinin də istifadə etdiyi platforma NATO üzvü olan ölkələrin məlumatlarını vahid sistemdə birləşdirərək alyansın müdafiə planlarındakı zəif nöqtələri müəyyənləşdirməyə və şəxsi heyətin gələcək dislokasiyası ilə bağlı qərarların qəbuluna dəstək verir.

Məlumata əsasən, sistem NATO-nun şərq cinahındakı qüvvələrin yerləşməsini əks etdirəcək, Rusiya qoşunlarının hərəkətlərini izləyəcək, alyans rəsmilərini riskli hesab edilən fəaliyyətlər barədə xəbərdar edəcək və hərbi planlaşdırma prosesində istifadə olunacaq.

Qəzet qeyd edir ki, Almaniya və Fransa əvvəllər Palantir platformasının tətbiqinə qarşı çıxsa da, Böyük Britaniya, Niderland və İsveç bu təşəbbüsü dəstəkləyib.