BAKI, 9 iyul. TELEQRAF

İranın mərhum ali lideri Əli Xameneinin Məşhəd şəhərində keçirilməsi planlaşdırılan dəfn mərasimi İraqda keçirilən vida mərasimlərinin gecikməsi səbəbindən təxirə salınıb.

Teleqraf xəbər verir ki, Xamenei ilə bağlı matəm mərasimlərinin təşkili komitəsinin məlumatına görə, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən izdihamlı vida tədbirləri səbəbindən onun cənazəsinin Məşhədə çatdırılması gecikib.

Komitənin açıqlamasında bildirilib ki, Məşhəddə vida və dəfn mərasimi yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) keçiriləcək.

Mərhum liderin cənazəsi ilə vida mərasimi və yürüş Məşhədin əsas küçələrindən birindən başlayaraq İmam Rza məqbərəsinə doğru davam edəcək. Əli Xameneinin burada dəfn olunacağı bildirilir.

Daha əvvəl İraqın Kərbəla şəhərində keçirilən vida mərasiminin şəhər küçələrinə çıxan çoxsaylı iştirakçılar səbəbindən bir neçə saat gecikdiyi barədə məlumat yayılmışdı. Şiə xalq səfərbərlik qüvvələri "Əl-Həşd əş-Şaabi"nin məlumatına görə, Kərbəladakı mərasimlərdə 4 milyondan çox insan iştirak edib.

Kərbəla dini işlər komitəsinin məlumatına əsasən, İraqdakı mərasimlər başa çatdıqdan sonra Xameneinin cənazəsi əvvəlcə Nəcəfə, daha sonra isə İrana - Məşhəd şəhərinə aparılacaq.

***

02:36

İraqın Kərbəla şəhərində İranın ali dini lideri Əli Xamenei ilə keçirilən vida mərasimi milyonlarla zəvvarın axını səbəbindən bir neçə saat gecikib.

Teleqraf xəbər verir ki, "Shafaq News" portalının məlumatına görə, tabutun şəhərin mərkəzi meydanından İmam Hüseyn məscidinə aparıldığı yürüş marşrut boyunca izdiham səbəbindən dəfələrlə dayanıb. Dini ayinlər başa çatdıqdan sonra tabutun digər şiə ziyarətgahı olan İmam Abbas məscidinə aparılması nəzərdə tutulur.

İctimai asayişin qorunmasına cəlb olunan "Əl-Həşd əş-Şəəbi" qüvvələrinin qərargahı mərasimdə 4 milyondan çox insanın iştirak etdiyini bildirib.

Məlumata görə, izdihamın bu qədər böyük olmasının əsas səbəblərindən biri də vida mərasiminin müsəlman təqviminin Məhərrəm ayına təsadüf etməsidir. Həmin dövrdə dünyanın müxtəlif ölkələrindən, əsasən də İrandan milyonlarla şiə zəvvar Kərbəlaya gələrək Aşura mərasimlərində iştirak edir.

Kərbəla vilayətinin Dini İşlər Komitəsinin məlumatına əsasən, vida mərasimindən sonra Xameneinin cənazəsi yenidən Nəcəf şəhərinə aparılacaq, oradan isə təyyarə ilə İrana göndəriləcək. Cənazənin Nəcəf Beynəlxalq Hava Limanından Məşhəd şəhərinə yola salınacağı, dəfn mərasiminin isə iyulun 9-da Xameneinin doğulduğu Məşhəddə keçiriləcəyi bildirilir.