BAKI, 9 iyul. TELEQRAF

İranın Hörmüzqan vilayətində yerləşən Əbu Musa adasında və Cask liman şəhəri ərazisində bir neçə partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, İranın Dövlət Televiziya və Radiosunun (IRIB) məlumatına görə, Əbu Musa adasında iki partlayış səsi eşidilib. Bundan başqa, Hörmüzqan vilayətinin Cask şəhəri yaxınlığında da silsilə partlayışlar baş verib.

Hadisələrin səbəbi və nəticələri barədə hələlik əlavə məlumat verilməyib.

Əbu Musa adası Fars körfəzinin şərq hissəsində yerləşir və hazırda İranın nəzarətindədir. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri adanın onlara məxsus olduğunu bildirərək onun statusunu mübahisələndirir.