BAKI, 8 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti genişmiqyaslı hücum mərhələsini başa çatdırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində 80-dən çox hədəfə yüksək dəqiqlikli sursatlarla zərbələr endirilib.
“CENTCOM qüvvələri İrana qarşı yeni hücum dalğasını başa çatdırıb. Əməliyyat zamanı 80-dən çox hədəf yüksək dəqiqlikli silahlarla vurulub”, - deyə açıqlamada qeyd olunub.
Komandanlıq iddia edir ki, hücumlar İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı son hücumlarına cavab olaraq həyata keçirilib.
Məlumata görə, ABŞ qüvvələri həmçinin Hörmüz boğazı ətrafında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox katerə, eləcə də İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
Hücumların nəticələri və mümkün itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.