BAKI, 8 iyul. TELEQRAF

ABŞ-nin İrana endirdiyi zərbələrin əsas hədəfləri hava hücumundan müdafiə sistemləri, raket anbarları və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri olub.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında yerləşən bir sıra hərbi və strateji obyektlərə zərbələr endirib.

Hücumların hədəfləri sırasında İranın hava hücumundan müdafiə sistemləri, sahil müşahidə və aşkarlama sistemləri, zenit-raket kompleksləri, gəmi əleyhinə qanadlı raketlərin saxlanıldığı məntəqələr, pilotsuz uçuş aparatlarının buraxılış nöqtələri, eləcə də liman infrastrukturuna aid obyektlər yer alıb.

"Axios"un məlumatına görə, əməliyyatlar İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücum etdiyi iddialarından sonra həyata keçirilib.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İrana qarşı “güclü zərbələr silsiləsi”nə başladığını bəyan etmişdi.