BAKI, 7 iyul. TELEQRAF

Tramp adminstrasiyası anlaşma memorandumunun bir hissəsi olaraq İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq Departamenti məlumat yayıb.

Məlumata görə, üç həftədən az müddət əvvəl verilən güzəştlərin ləğvi İranın son 24 saat ərzində Hörmüz boğazında gəmilərə qarşı yenidən hücumları ilə bağlıdır.

Xarici Aktivlərə Nəzarət İdarəsi İran neftinin satışına icazə verən ümumi lisenziyanı ləğv etdiyini təsdiqləyib.

"Prezident Tramp və administrasiyanın dəfələrlə bəyan etdiyi kimi, İranla qüvvədə olan anlaşma memorandumu tamamilə şərtlərin icrasına əsaslanır. İran yalnız yaxşı davranış nümayiş etdirərsə, fayda əldə edəcək. İranın boğazdakı hərəkətləri ABŞ üçün tamamilə qəbuledilməzdi və öz nəticələrini verəcək”,- deyə məlumatda qeyd olunur.